Bəzən marketlərdə gəzişərkən niyə planlaşdırmadığımız məhsulları səbətə atdığımızı düşünürükmü? Bunun səbəbi yalnız endirimlər və ya rəngarəng reklamlar deyil. İşin içində vizual manipulyasiya adlı güclü bir neyromarketinq texnikası dayanır.
Rusiyada məşhur “Пятёрочка” supermarketlər şəbəkəsində aparılan bir eksperiment bu sahədə maraqlı nəticə verib. Belə ki, şəbəkənin iki mağazasında fərqli döşəmə dizaynı sınaqdan keçirilib:
- Bir mağazada kafel döşəmələri səliqəli, simmetrik və düz xətt boyunca yerləşdirilib.
- Digər mağazada isə kafellər xaotik, yəni qarışıq və nizamsız şəkildə döşənib.
Nəticə çox maraqlı olub: xaotik döşəməsi olan mağazada satışlar daha yüksək olub!
Bəs Niyə?
Araşdırmalar göstərib ki, qarışıq naxışlı döşəmə insanların baxış fokusunu pozur. Alıcı yerə baxanda gözləri fokuslana bilmir və instinktiv olaraq başını qaldırır. O an isə rəflərdəki məhsullar daha çox diqqətini çəkir. Beləcə, əvvəl planlaşdırılmamış məhsullar da səbətə daxil olur.
Bu texnika “visual flow manipulation” adlanır və neyromarketinqin əsas üsullarından biridir. Məqsəd – müştərinin mağaza daxilində baxış istiqamətini və hərəkət trayektoriyasını idarə etmək, onu daha çox məhsulla qarşılaşdırmaqdır.

Supermarketlərdə Vizual Manipulyasiya Nümunələri
Bu texnikanı yalnız döşəmə naxışlarında yox, müxtəlif marketinq elementlərində də görə bilərik:
✅ Kassa yaxınlığında şirniyyat və saqqız – növbədə duran insanlar bu məhsulları gözləri ilə “kəşf edir” və tez-tez alırlar.
✅ Əsas məhsulların (çörək, süd, yumurta və s.) arxa hissədə yerləşdirilməsi – alıcılar bu məhsullara gedərkən başqa məhsulları da görüb səbətə atır.
✅ Sağa yönəltmə strategiyası – araşdırmalara görə, insanlar mağazaya girərkən instinktiv olaraq sağa dönürlər. Ona görə ən çox satılacaq məhsullar bu istiqamətə yerləşdirilir.

Mənfi Tərəfləri
Vizual manipulyasiya effektiv olsa da, hər zaman risklidir. Məsələn, xaotik döşəmə bəzi insanlarda diskomfort, hətta başgicəllənmə yarada bilər. Bu səbəbdən “Пятёрочка” bu üsulu yalnız geniş və açıq mağazalarda tətbiq edib, dar və qapalı məkanlarda isə istifadə etməyib. Çünki məqsəd satışları artırmaq olsa da, müştərini narahat etmək və ya qaçırmaq istəmirlər.
Nəticə olaraq, vizual manipulyasiya mağazaların satışları artırmaq üçün istifadə etdiyi güclü marketinq alətidir. Amma balans qorunmalıdır – satış artırmaqla yanaşı, alıcı rahatlığı da nəzərə alınmalıdır.
Yazının orijinalını Xanağa Aslanov Linkedİn üzərindən paylaşmışdır