Azərbaycanlı proqramçılar ölkəmizi beynəlxalq arenada uğurla təmsil etməkdə davam edirlər. Son illər texnologiya sahəsində sürətli inkişafla yanaşı, gənclərin peşə bacarıqlarının beynəlxalq səviyyədə tanıdılması da prioritet istiqamətlərdən birinə çevrilib. Bunun bariz nümunəsi isə WorldSkills yarışlarıdır.
WorldSkills nədir?
WorldSkills dünyanın müxtəlif ölkələrindən gənc peşəkarların iştirak etdiyi və öz sahələrində bacarıqlarını nümayiş etdirdiyi beynəlxalq müsabiqədir. Yarışın məqsədi gənclər arasında peşə təhsilinə marağı artırmaq, müasir texnologiyalara əsaslanan peşəkar bacarıqları inkişaf etdirmək və beynəlxalq əmək bazarına rəqabətqabiliyyətli kadrlar yetişdirməkdir.
Div Academy məzunlarından böyük nailiyyət
Qürurverici xəbər odur ki, WorldSkills Azerbaijan – Veb Texnologiyaları üzrə milli yarışda birinci və ikinci yerləri Div Academy məzunları Emil Hüseynov və David Mamedov qazanıblar. Bu nəticə göstərir ki, ölkəmizdə texnologiya sahəsində gənc mütəxəssislərin yetişdirilməsi sahəsində ciddi işlər görülür və beynəlxalq səviyyədə rəqabətə davamlı kadrlar formalaşır.
Bu uğura görə Peşə Təhsili üzrə Dövlət Agentliyinə, WorldSkills Azerbaijan təşkilatına, layihənin təşkilatçısı Jeyhun J. Karamova və təlimçi Vahid Qasım müəllimə dərin təşəkkürlər düşür. Onların əməyi sayəsində gənclərimiz bu cür yüksək nəticələr əldə edir, həm öz karyeralarını qurur, həm də ölkəmizi qürurla təmsil edirlər.
Azərbaycanın gənc proqramçıları artıq dünya səhnəsindədir. Onların bu uğuru gələcək nəsillər üçün də böyük motivasiya mənbəyidir. Gənclərimizə beynəlxalq yarışlarda uğurlar arzulayırıq!